Neft satışından əldə olunan bütün vəsaitlərimiz və xərclərimiz şəffafdır, beynəlxalq səviyyədə audit olunur.
Bunu noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz neftdən yararlana bilməyən bir çox neft ölkələrinin nümunələrini görürük və neft sahəsinin inkişafı onlar üçün bir lənətə çevrilib. Beynəlxalq neft şirkətləri ilə layihələrə başlayanda əsas məqsədimiz maliyyə ehtiyatlarımızın toplanılması və sərf olunmasına dair maksimum şəffaflığın təmin edilməsi ilə bağlı idi. Bu məqsədlə biz Dövlət Neft Fondunu təsis etdik. Bu da dünyada ən şəffaf, müstəqil ehtiyat fondlarından biri hesab olunur. Neft satışından əldə olunan bütün vəsaitlər və həmçinin xərclər şəffafdır və beynəlxalq səviyyədə audit olunur. Biz Neft Fondundan vəsaitləri yalnız parlament tərəfindən təsdiq olunan büdcə məsrəfləri çərçivəsində xərcləyə bilərik. Ona görə də biz Azərbaycanda indi ümumi daxili məhsulumuza çox yaxın olan çox əsaslı maliyyə ehtiyatlarını yarada bildik. Dövlət Neft Fondu və bizim şəffaflıq siyasətimiz bu məsələdə çox önəmli rol oynadı. Neft satışlarından əldə olunan çoxlu həcmdə vəsaiti biz infrastruktura sərmayə kimi yatırdıq. Biz regionlarda infrastrukturu - yolları, elektrik enerjisinin generasiyasını, qazlaşdırmanı, su və kanalizasiya sistemlərini, suyun təchizatını tamamilə yenidən qurduq”.
İlham Əliyev əlavə edib: “Bu gün biz təkcə neft və qazı ixrac etmirik, eyni zamanda, uzun illər bundan əvvəl idxal etdiyimiz elektrik enerjisini ixrac edirik. İndi isə bizim təşəbbüsümüzlə “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Dünənki çıxışımda mən bu barədə qısaca danışdım. “Cənub Qaz Dəhlizi” 4 ayrıca layihədən ibarətdir. Birincisi, dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz-2” layihəsinin işlənilməsidir. İkincisi, Azərbaycandan Gürcüstana mövcud qaz xəttinin genişlənməsidir. Bunun adı Cənubi Qafqaz Boru Kəməridir. Üçüncüsü, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu boru kəməridir. Əlbəttə ki, sonuncusu Trans-Adriatik boru kəməri TAP-dır. Bu boru kəməri Türkiyənin Yunanıstanla sərhədindən başlayaraq Yunanıstanın, Albaniyanın ərazisindən və suyun altından keçərək İtaliyaya gedib çıxır. Birləşdirilmiş boru kəmərinin uzunluğu 3 min kilometrdən çoxdur və hazırda 7 ölkə Azərbaycanın rəhbərliyi altında bu layihənin fəal üzvüdür. Bu da bu ilin fevral ayında keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının ikinci iclasında öz təsdiqini tapmışdır”.