Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında müstəsna rol oynayacaq.
Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə salıb.
***
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.
Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir "ASAN Həyat" kompleksi barədə dövlət başçısına və xanımına ətraflı məlumat veriblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, Mingəçevirdə kompleksin "ASAN xidmət" mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək.
Dövlət başçısı mərkəzi işə salıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdəki innovativ yeniliklərlə tanış olublar.
Dövlət başçısına və xanımına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər "ASAN xidmət" mərkəzlərinin layihələri də təqdim olunub.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "ASAN xidmət"lərin özünəxidmət terminalı vasitəsilə təqdim olunması barədə də məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "ASAN Həyat" kompleksinə daxil olan "ASAN Peşə" ilə tanış olublar.
***
Mingəçevir Su Elektrik Stansiyasının gücü 284 meqavatdan 424 meqavata çatdırılıb.
FED.az xəbər verir ki, bu, stansiyada görülmüş əsaslı yenidənqurmadan sonra mümkün olub.
Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır.
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevir Su Elektrik Stansiyası yenidənqurmadan sonra işə salınıb.
***
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər.
Ddövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.