"Petkim Petrokimya Holding A.Ş."-nin ("Petkim") TOP-menecerlərinə ödənilən aylıq məvacibin məbləği açıqlanıb.
Bu ilin martın 29-da "Petkim"in İdarə Heyətinin iclasında İdarə Heyəti üzvlərinin hər birinə ayda 27500 lirə (Azərbaycan Mərkəzi Bankının bugünkü rəsmi məzənnəsinə əsasən 12 947 manat - red.) məbləğində məvacibin ödənilməsi səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, "Petkim"in İdarə Heyətinin 9 üzvü var. İdarə Heyətinin sədri Vaqif Əliyevdir (SOCAR-ın Sərmayələr İdarəsinin rəisi). Onun müavini isə SOCAR-ın vitse-prezidenti David Məmmədovdur. İdarə Heyətinin digər üzvləri isə bunlardır: "Mehmet Bostan, Fərrux Qasımov, Ertuğrul Altın, İlhami Özşahin, Süleyman Qasımov (SOCAR-ın vitse-prezidenti), Tevfik Bilgin, Mehmet Ceylan.
Beləliklə, İdarə Heyətinin üzvlərinə ümumilikdə ay ərzində 247500 lirə (116 min 968 manat), il ərzində isə 2 mln. 970 min lirə (1 mln. 403 min 622 manat) ödənilir.
Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.