SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksinin xalis mənfəəti artıb.
Eləcə də bax: "Petkim" şübhəli maliyyə əməliyyatı aparıb? - Açıqlama
FED.az xəbər verir ki, bu ilin üçüncü rübünün sonuna “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 311 milyon türk lirəsi olub. Əməliyyat xərclərinin optimallaşdırılması, istehsal proseslərinin yaxşılaşdırılması, zavodların fəaliyyətdə olduğu günlərin sayının maksimuma çatdırılması və effektiv istismar proqramları “Petkim”in maliyyə nəticələrinə böyük təsir göstərib. Ötən rüb ərzində şirkətin gəlirliliyi ikinci rüblə müqayisədə 114 faiz, əvvəlki ilin eyni dövrünə görə 36 faiz artıb.
“Petkim”in icraçı direktoru Anar Məmmədov deyib: “Neft-kimya sənayesi COVID-19 dövründə də intensivliyini itirməyib. Neft-kimya xammalına olan tələbat digər sektorlara nisbətən daha az təsir görüb. Cari ilin 9 ayında pandemiya və qlobal şərtlər səbəbindən məhsul qiymətlərində 25 faiz azalma olmasına baxmayaraq, mənfəətimiz keçən ilin eyni dövrünə görə 36 faiz artaraq 311 milyon lirəyə çatıb”.
Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Həmin dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini ödəyir. Petkim” 80 ölkəyə neft-kimya məhsulları göndərir.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. Hazırda STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.
“Petkim” 15 əsas və 6 köməkçi müəssisəsi ilə illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir. (Azərtac)