Yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə bir çox sahələr ciddi zərərlə üzləşib. Lakin bəzi sahələrdə isə istehlakın artması müşahidə olunur və müəssisələr bu tələbatın ödənilməsi üçün istehsalını artırmağa çalışır.
Eləcə də bax: "Petkim" tibb məhsulları üçün - XAMMAL İSTEHSALINI ARTIRIB
FED.az xəbər verir ki, "Damnus Energy & Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Cömərt bildirib ki, koronavirus (COVİD-19) pandemiyası turizm, avtomobil, hava nəqliyyatı,ictimai iaşə və xidmətlər sektorlarına mənfi təsir göstərsə də, qida, səhiyyə və tibbi ləvazimatlar, informasiya texnologiyaları kimi sektorlara müsbət təsir göstərəcək. Onun sözlərinə görə, bu isə neft-kimya sektorunun bu sahələrdəki rolunu artıracaq.
Məlumatlara görə, dünya plastik sənayesi yeni növ koronavirus infeksiyası ilə mübarizədə ön sıralardadır. Türkiyədə də koronavirusun yayılması səbəbindən tibbi ləvazimatlar, qablaşdırma sahələrində tələbat kəskin artıb. Bu sahələr üçün isə xammalı əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” təmin edir. Ötən həftə “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyə KİV-inə müsahibəsində daxili tələbatın ödənilməsi üçün qablaşdırma, birdəfəlik istifadə olunan plastik və tibbi ləvazimatlar üçün xam maddə istehsalının artırıldığını bildirmişdi: “Xam maddə ilə təmin etdiyimiz plastik sektoru xəstələrin müalicəsi və tibbi heyətin qorunması üçün lazımi avadanlıqların istehsalını həyata keçirdiyinə görə xammalla bağlı problem yaşamamalıdır. Buna görə də bu müddətdə yerli istehsalçıların xammal tələbini ödəmək üçün fasiləsiz çalışırıq”.
Baş direktor daha çox istifadə edilən tibbi maska və tibbi geyimlərin parçasının istehsalında istifadə olunan “polipropilen nonwoven” məhsuluna olan tələbatın tamamilə qarşılandığını qeyd edib.
Nüsrət Cömərd bildirib ki, “Petkim” hazırkı vəziyyətdə önəmli rol oynayır: “Çünki həm geosiyasi, həm də logistika baxımından çox əlverişli mövqedədir”.
Ekspertin bu sahələrlə bağlı SOCAR-a təklifi də var: “SOCAR neft hasilatı, nəqli, emalı və neft-kimya məhsulları istehsalında yəni, "upstream", "midstream" ve "downstream" sahələrində inteqrasiya yaradıb. Bu inteqrasiyanı tibbi ləvazimatlar, qablaşdırma və buna yaxın sahələrdə istehsala daxil olaraq bu sahələri daha da inkişaf etdirməklə yarada, böyüməkdə olan bu sektorda mühüm rol oynaya bilər”.
Report