Macarıstan və Rumıniya Azərbaycanın təbii qazına ümid edirlər.
Azərbaycan Macarıstana da qaz satacaq - BU İLİN SONUNADƏK BAŞLAYIR
FED.azı xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku ilə keçirilən görüşün yekunları ilə bağlı özünün "Facebook" hesabında yazıb.
"Macarıstan və Rumıniyanın taleyi təbii qaz tədarükünün təhlükəsizliyi baxımından əlaqəli olacaq, çünki hər ikimiz də bir tərəfdən Azərbaycanın təbii qazına ümid edir, digər tərəfdən isə Qara dənizdə dəniz yataqlarından hasilatın başladılmasını gözləyirik", - o deyib.
Nazirin sözlərinə görə, Macarıstan və Rumıniya "ev tapşırıqlarını yerinə yetirərək" iki ölkənin qaz kəmərləri sistemini birləşdirən interkonnektorun ötürücülük qabiliyyətini 2,5 milyard kubmetrədək artırıblar.
"Qara dənizdən təbii qazı Macarıstan sərhədinədək nəql edə bilən boru kəmərinin inşası haqqında qərar qəbul edilib", - Siyarto əlavə edib.
Daha əvvəl deyildiyi kimi, bu il Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz nəqlinin başladılmasına dair siyasi razılaşma əldə olunub. Daha sonra tərəflər ildə təqribən 2 milyard kubmetr qaz nəqlinə dair uzunmüddətli saziş imzalayacaqlar. Qaz Türkiyə ərazisindən tranzit yolu ilə nəql ediləcək və müvafiq şirkətlər hazırda təfərrüatları müzakirə edirlər.
Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın Romgaz S.A. şirkəti arasında 1 aprel 2023-cü ildən 1 aprel 2024-cü ilədək Rumıniyaya Azərbaycan qazının nəqlinə dair imzalanmış müqavilə qüvvəyə minib. 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlinə dair bu saziş fevralın 3-də imzalanıb.
Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 31 dekabr 2020-ci ildə Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə başladılıb. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrədək artırmaq imkan ilə 10 milyard kubmetr təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası Avropaya qaz tədarükünün 2027-ci ilədək ikiqat artırılması barədə razılığa gəlib. Bazar testinin məcburi mərhələsi tamamlandıqdan sonra TAP konsorsiumu genişlənmənin ilk mərhələsini başladıb. (Trend)