ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı fevralın 11-dən 17-dək 10 ədəd və ya 1,35% artaraq 751-ə çatıb.
ABŞ-ın "Baker Hughes" şirkətinin yaydığı məlumata görə, hesabat həftəsində aktiv neft quyularının sayı 6 ədəd və yaxud 1% artaraq 597 ədəd, qaz quyularının sayı 4 ədəd və yaxud 2,68% artaraq 153 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 184 ədəd və yaxud 44,55%, qaz quyularının sayı isə 52 ədəd və yaxud 51,49%, ümumilikdə isə neft-qaz quyularının sayı 237 ədəd və yaxud 46,11% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 88,92% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 62,9% aşağıdır.