Cari ilin yanvar ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən 696 müraciət daxil olub.
Baş nazirdən illik elektrik enerjisi sərfiyyatının həddi ilə bağlı - QƏRAR
Agentlikdən FED.az-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 59-u məlumat üçün olmaqla 572 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 12-si məlumat xarakterli olmaqla 102 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 15 müraciət, digər məsələlərlə bağlı isə 7 müraciət göndərilib.
Müraciətlərdən 261-i agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 362 müraciət hazırda baxılma prosesindədir, 72 məlumat xarakterli müraciətdən 39-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 5 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 17 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
Agentliyin səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 17 inzibati xəta haqqında işə baxılıb, onlardan 16 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 1 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.
Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 103 nəzarət tədbiri, istilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 1 nəzarət tədbiri, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 85 nəzarət tədbiri keçirilib.
15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 266 müraciət qəbul edilərək icra olunub.
Agentlik tərəfindən hesabat dövrü ərzində 12 müəssisədə 36 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.