“OPEC+” (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatının, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin danışıqları aprelin 6-dan 9-na keçirilə bilər, yekun tarix hələlik dəqiqləşməyib.
FED.az xəbər verir ki, bunu nümayəndə heyətlərindəki iki mənbə deyib.
Mənbələrdən biri bildirib ki, ola bilsin danışıqlar gələn həftənin cümə axşamı (aprelin 9-u) keçirildi, lakin bu, hələ dəqiq deyil.
Xatırladaq ki, martın 6-da "OPEC+" ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.
Buna baxmayaraq, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.
Apa