Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2017 və 2018-ci ildə dünyada neftə olan tələbat üzrə proqnozunu artırıb.
İyul ayındakı hesabatdan fərqli olaraq OPEC avqust ayında açıqladığı hesabatda 2017 və 2018-ci ildə dünyada neftə olan tələbatın artacağını bəyan edib.
OPEC-in hesablamalarına əsasən, 2017-ci ildə dünyada neftə olan gündəlik tələbat 96,5 mln. barel təşkil edəcək ki, bu da iyuldakı proqnozlardan bir qədər çoxdur. Belə ki, OPEC-in iyul ayındakı hesabatında bu göstərici 96,4 mln. barel proqnozlaşdırılıb. Proqnozun yüksəldilməsi bu ilin I yarısında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə neft istehlakının artması səbəb olub.
Təşkilatın mütəxəssisləri hesab edir ki, 2018-ci ildə neftə olan tələbat gündəlik 97,8 mln. barel olacaq. Bu isə iyuldakı göstəricidən 0,2 mln. barel çoxdur.