Qarabağın inkişaf planı və qarşıda duran əsas məqsədlərin müzakirəsi üçün “Caspian Energy Club” Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin iştirakı ilə “Online B2G Forum” təşkil edib.
Eləcə də bax: “Caspian Energy Club”un rəhbəri: "DTX ilə əməkdaşlıq edirik"
FED.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Virtual müzakirələr zamanı T.Mirkişili biznes fəaliyyətinin optimallaşması istiqamətində qəbul olunan və müzakirə edilən qanun layihələrindən danışıb, həmçinin sahibkarların təkliflərini dinləyib. O həm yerli, həm də xarici sahibkarların Qarabağa investisiya qoymaq və işğaldan azad olunan torpaqlarda fəaliyyət göstərmək istəyini yüksək qiymətləndirərək Qarabağda həyata keçirilən işlərin Azərbaycan iqtisadiyyatının yeni drayveri olacağını xüsusilə qeyd edib.
T.Mirkişili, həmçinin “Caspian Energy Club” tərəfindən yaradılmış platformada dövlət sektoru ilə biznes nümayəndələri arasındakı dialoqun vacibliyini qeyd edərək mütəmadi olaraq sahibkarlarla dövlət məmurları arasında keçirilən görüşlərdə aktiv iştirak etmək istəyini bildirib.
T.Əliyev də öz növbəsində qeyd edib ki, 2020-ci ildə olduğu kimi bu il də “Caspian Energy Club” təşkil edəcəyi bütün tədbirlərdə hökumət və özəl sektor nümayəndələrinin müzakirə etdiyi mövzuları, sualları, təklifləri qanunvericilikdə dəyişiklik edilərkən sahibkarların mövqeyinin nəzərə alınması üçün yazılı surətdə aidiyyəti qurumlara çatdıracaqlar.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.