Neftin qiyməti ötən gün 10 faizədək artımdan sonra yenidən azalmağa başlayıb.
FED.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 10:50-yə olan vəziyyətə görə “Brent” markalı neftin yanvar fyüçersləri 0,61 faiz ucuzlaşaraq 42,14 ABŞ dollarından, “WTI” markalı neftin dekabr fyüçersləri də 0,77 faiz ucuzlaşaraq 39,98 dollardan satılıb.
Dünən koronavirusa qarşı “Pfizer” dərmanının sınaqlar zamanı 90 faizlik səmərəli olduğunu göstərməsinə dair xəbərlərdən sonra hər iki neft markası 40dollarlıq həddi keçmişdi. Bu artıma təkan verən daha bir amil də OPEC+ formatının iştirakçı ölkələrinin hasilatı bundan sonra da tənzimləyə biləcəkləri barədə Səudiyyə Ərəbistanı enerji naziri şahzadə Əbdüləziz bin Salmanın bəyanatı olub.
“OPEC+ formatının bu ayın sonundakı görüşünədək neft bazarı artmağa davam etsə, bu qərar intihara çevrilə bilər, çünki bəzi üzvlər hazırkı ixtisarın gələn ilədək təxirə salınmasına etiraz edərək gələn ilin birinci rübündə bazarı həssas vəziyyətə saxlayacaqlar”, – “İNG” şirkətinin məlumatında bildirilir.
Lakin yeni dərmanın təhlükəsizliyi və qazandırdığı imun gücünün nə qədər uzun çəkəcəyinə dair konkret məlumatın olmaması neftə tələbata dair narahatlığa yenidən rəvac verdi və nəticədə bu gün Asiya bazarlarındakı səhər hərracları zamanı qiymətlər yenə azalmağa başladı.
Son vaxtlar koronavirus pandemiyasının ABŞ-da yoluxma sayının artmasına, Avropada yeni məhdudiyyətlərə gətirib çıxardığı nəzərə alınsa, neft bazarında tələbatın yaxın vaxtda artacağı müəmmalı görünür.
Həmçinin yeni ABŞ administrasiyasının İran və Venezueladan daha çox neft ixracatına şərait yarada biləcəyinə dair ehtimallar da qiymətləri azaldan amil olaraq mühüm əhəmiyyət daşıyır.