OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) noyabrın 17-də keçiriləcək iclası ərəfəsində birjalarda neft qiymətlərində bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, toplantının əsas müzakirə mövzusu COVID-19 epidemiyasının neft tələbatına təsirləri olacaq. Toplantıda istehsal məhdudiyyətlərinə dair siyasət müzakirə edilməyəcək. Lakin bazar aktorları yığıncaqda planlaşdırılan hasilat məhdudiyyətlərinin gələn ilə təxirə salınmasına dair hər hansı qərarla bağlı fikrin formalaşacağı qənaətindədirlər.
Koronavirus əleyhinə hazırlanmış peyvəndin istifadəyə yayarlı olmasının açıqlanmasından sonra neft qiymətləri oktyabr ayının əvvəllərindən bəri ən böyük həftəlik artımını reallaşdırıb. ABŞ və Avropada artan virusa yoluxma hallarının neft tələbatı ilə bağlı narahatlıqları çoxaltsa da, peyvəndin bütün dünyaya nə zaman veriləcəyi qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, hazırda “Brent” neftinin bir barrelinin qiyməti Londonun ICE birjasında 44,63 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 42,04 dollara satılır.
Xatırladaq ki, Azərbaycan oktyabrda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib. Oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.
12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.
azertag.az