Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, bazarda təklifin tələbi üstələməsi ilə bağlı narahatlıqlar səbəbindən neft son 3 ildə ən aşağı qiymətə – 69 dollara enib.
Sentyabrın 10-da Londonun ICE əmtəə birjasında «Brent» nefytinin noyabr fyuçersləri üzrə qiyməti 2021-ci ilin dekabrından bəri ən aşağı həddə – 69 dollara enib.
Gün ərzində neft 4 %dən çox ucuzlaşaraq 68,93 dollara enib. Sonradan qiymətlər 69,1 dollarda sabitləşib.
«Brent» nefti ilə yanaşı, «WTI» neftinin də qiyməti sürətlə ucuzlaşıb. Neftin oktyabr ayı üzrə müqavilə qiyməti 4,24% azalaraq 65,68 dollara enib.
Ucuzlaşmaya səbəb Çindəki iqtisadi vəziyyət və ABŞ-da sənayenin zəifləməsi barədlə məlumatlar olub. Dünyanın iki ən böyük neft alıcısının bu vəziyyəti bazara təsiri edib. Hətta neft hasilatçılarının təşkilatı – OPEK hasilatın azaldılması barədə qərarını uzatsa da, bu neftin qiymətini qoruya bilməyib. Gələn aydan neft ölkələri ümumi hasilatı 180 min barel artırmaq niyyətində idilər, amma bazardakı vəziyyəti görərək artırmaq planlarını təxirə salıblar.
Neft bazarı üzrə ekspertlərin fikrincə, ciddi tədbir görülməsə, bu gedişlə, neftin qiyməti 65 dollara qədər azala bilər.