«Nefti 65 dollardan götürsək, pul büdcəyə gəlib xərclənəcək »
Azərbaycan neft gəlirlərində mühafizəkar yanaşmaya üstünlük verir.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni təyin edilmiş icraçı direktoru İsrafil Məmmədovu təyinatı münasibətilə qəbul edirkən bildirib. Dövlət başçısı bildirib ki, hazırda dünya bazarında neft 70 dollar olsa da, büdcədə 55 dollardan götürülüb, bunun səbəbi var:
«Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik.
Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik.
Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi».