2019-cu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin 2019-cu ilin yanvar-iyun aylarında vergi daxilolmaları, şəffaflaşma və əmək bazarının leqallaşdırılması sahəsində əldə olunan nəticələr haqqında hesabatında qeyd edilir.
Hesabata əsasən, nazirlik tərəfindən vergi yığımı üzrə proqnoza 108,8 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 70,0 faizi qeyri-neft-qaz sektorunun, 30,0 faizi neft-qaz sektorunun payına düşüb.Cari ilin 6 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 49,7 faizi, o cümlədən qeyri-neft sektoru üzrə illik proqnozun 51,1 faizi icra olnub.
Proqnozlaşdırıldığı kimi, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə neft hasilatının nisbətən aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları azalıb. 2019-cu ilin birinci yarımilliyində neft-qaz sektorundan daxilolmalar proqnozlara nisbətən 101,3 faiz icra olunsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalıb və 1.087,5 milyon manat təşkil edib. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına tam kompensasiya olunmaqdadır.
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3 faiz və ya 319 milyon manat artaraq 2 milyard 545 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 112 faiz icra olunub, proqnozdan əlavə 279 milyon manat vergi toplanıb. Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16 faiz artıb, özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.