Avropada Günəş enerjisi ilk dəfə olaraq bütün digər enerji mənbələrini keçərək qitənin əsas enerji mənbəyinə çevrilib.
Bu ilin 6 ayında Azərbaycanda 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin iyun ayında Avropa Birliyində günəş enerjisi tarixdə ilk dəfə olaraq ümumi elektrik enerjisinin dörddə birini təmin edərək rekord həddə - 52 TVt/saata çatıb.
Günəş enerjisi Avropa İttifaqında ənənəvi və alternativ enerji mənbələrini arxada qoyub: nüvə enerjisi (21%), qaz (15%), külək (14%) və su elektrik enerjisi (12%), kömürün payı isə 8% olub.
İyun ayı tarixdə günəş enerjisinin Avropada birinci yeri tutduğu üçüncü ay olub.
Avropanın enerji bazarında maraqlı vəziyyət yaranıb, bir tərəfdən rekord istilər səbəbindən kondisioner və soyutma sistemlərinə tələbat kəskin şəkildə artıb. Belə vəziyyətdə külək turbinləri küləksiz hava səbəbindən donub qalıb, ənənəvi istilik və nüvə elektrik stansiyalarında isə reaktorları və turbinləri soyutmaq problemə çevrilib. Əvəzində günəşli günlərin bolluğu səbəbindən günəş panelləri ən yüksək səmərəliliklə işləyərək qitənin əsas enerji mənbələrindən birinə çevrilib.
Avropada Günəş enerjisi bütün ölkələrdə artır, Avropanın 18 ölkəsində günəş enerjisi istehsalı rekordları qırıb. İspaniyada günəş enerjisi ilk dəfə olaraq elektrik enerjisi təchizatının üçdə birindən çoxunu (34%) təşkil edib. Almaniyada isə may ayında qeydə alınan 33%-lik rekord iyun ayında artıq 36%-ə yüksəlib. Hətta Avropanın ən böyük kömür istehlakçılarından biri olan Polşa da iyun ayında elektrik enerjisinin 24%-ni günəş enerjisindən istehsal edib.
Xatırladaq ki, cəmi 5 il əvvəl, 2021-ci ilin iyun ayında günəş enerjisi Avropanın elektrik enerjisinin yalnız 10%-ni təşkil edirdi, indiyədək istehsal 2,5 dəfə artıb.














