Həftə sonu İsrailin İrana cavab hücumundan sonra neft bazar ertəsi kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, Brent markalı neft 6 faizə yaxın ucuzlaşıb və qiyməti 71,70 dollara düşüb (Bakı vaxtı ilə saat 14:50-yə olan məlumat).
İsrail təyyarələri şənbə günü İranın hərbi obyektlərini vurub və yəhudi dövləti bu hücum ilə ayın əvvəlində İranın raket hücumuna cavab vermək vədini yerinə yetirib. Lakin hücum gözləniləndən daha məhdud olub. Tehran hücuma dərhal cavab verəcəyini vəd etməyib və İranın dövlət mediası ölkənin neft sənayesi fəaliyyətinin normal fəaliyyət göstərdiyini bildirib.
Digər tərəfdən, "Citigroup Inc", Yaxın Şərqdəki münaqişələrdən qaynaqlanan risklərin aşağı olduğunu əsas gətirərək, Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
Analitiklər deyib ki, İsrailin şənbə günü qisas alması bazarlar tərəfindən qeyri-adekvat olaraq görülüb. (Marja)