Azərbaycan 2025-ci ilin yanvarında neft ixrac etdiyi Böyük Britaniya və İrlandiyaya 2026-cı ilin yanvarında satışları tamamilə dayandırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Son bir il ərzində bu iki ölkəyə ixrac tamamilə dayandırılıb. Bu, ümumilikdə 156 min tona yaxın həcm və 85,9 milyon dollar dəyər itkisi deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Böyük Britaniyaya 73,4 milyon dollarlıq (130,6 min ton), İrlandiyaya isə 12,4 milyon dollarlıq (25,3 min ton) neft ixrac edilmişdi.
Ötən ilin müvafiq dövründə neftin 1 tonunun orta qiyməti Böyük Britaniyada 956 manat, İrlandiyada isə 835 manat olub.
Bu ölkələr 2025-ci ilin siyahısında yer alsalar da, 2026-cı il siyahısında yoxdurlar.










