Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 461 921 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 67,4% artım deməkdir.
Eləcə də bax: Neft Fondunun AÇG-dən gəlirləri - KƏSKİN ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, o cümlədən, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2021-01.11.2021 tarixinə) 135 235 min dollar olub, bu da 34% azalma deməkdir.
Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 129 mln. dollar (01.11.2021 tarixinə) təşkil edib.
Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.