Avqustun 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü İsrafil Məmmədov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə SOCAR-ın nümayəndə heyəti bp-nin operatoru olduğu Mərkəzi Azəri platformasına səfər edib.
FED.az xəbər verir ki, səfər «Azəri-Çıraq-Günəşli» yatağının işlənməsi çərçivəsində 2005-ci ildə istismara verilən və sutkada 420 min barel neftin texnoloji emal edilməsi üçün nəzərdə tutulan Mərkəzi Azəri platformasına yerində baxış keçirmək, onun fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
Nümayəndə heyətinə Mərkəzi Azəri platformasının idarə olunması, cari əməliyyatları, müasir texnoloji və təhlükəsizlik sistemləri, həmçinin nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib. Görüşdə SOCAR-ın prezidenti Rövşən Nəcəf Azəri-Çıraq-Günəşli yatağının bundan sonra da Azərbaycan və dünya neft sənayesinin inkişafına dəyərli töhfə verməyə davam edəcəyini vurğulayıb.
Daha sonra platformanın qaz və su vurma turbinləri, ixrac nasosları, qazma sahəsi və digər qurğularına tur təşkil edilib.
Səfər zamanı həmçinin Mərkəzi Azəri platformasının fasiləsiz və təhlükəsiz əməliyyatlarının təmin edilməsinə verdikləri töhfəyə görə platformanın bir qrup əməkdaşı təşəkkürnamə ilə təltif edilib.
Xatırladaq ki, 2022-ci ilin ilk 7 ayının nəticələrinə görə, «Mərkəzi Azəri» platformasından orta hesabla gündə 108 min barel neft hasil edilir. Bu dövrdə Azərbaycan neftinin orta qiymətinin 110 dollar olduğun nəzərə alanda sözügedən platforma Azərbaycana gündə orta hesabla 11,9 milyon dollar gəlir gətirir. Bu - ilin əvvəlindən ötən dövr üzrə ümumilikdə təqribən 2 milyard 495 milyon dollar gəlir deməkdir.