Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov fondun ötənilki fəaliyyəti, qarşıda duran vəzifələr, investisiya siyasəti, o cümlədən səhmlərə, daşınmaz əmlaka və qızıla investisiyalarla bağlı müsahibə verib.
Eləcə də bax: Dövlət Neft Fondunun aktivlərinə - TƏHLÜKƏLƏR ARTIR – EKSPERTDƏN XƏBƏRDARLIQ
FED.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun müsahibəsini təqdim edir.
- İsrafil müəllim Dövlət Neft Fondu üçün 2019-cu ilin yekunları necə olub?
- İlk öncə qeyd etmək istərdim ki, 2019-cu ildə Neft Fondu qarşıya qoyulmuş məqsəd və vəzifələrdən irəli gələn funksiyaların tam icrasını təmin edib. Burada valyuta daxilolmalarının sterilizasiyası ilə iqtisadiyyata neqativ təsirlərin neytrallaşdırılması, gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması, eyni zamanda, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərin, habelə makroiqtisadi və fiskal tarazlığın qorunması ilə bağlı məsələlər qeyd edilə bilər.
Bildiyiniz kimi, 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsində xam neftin orta illik ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulmuşdu. Beynəlxalq bazarlarda isə neftin qiyməti bu göstərici ilə müqayisədə yüksək olub və ortaçəkili satış qiyməti 64 dollar təşkil edib. Bu da öz növbəsində ARDNF-in sterilizasiya və yığım funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının artırılmasına əlverişli şərait yaradıb.
Əgər 2019-cu ilin əvvəlində aktivlərin həcmi 38,5 milyard dollar təşkil etmişdisə, bu il yanvarın 1-nə Neft Fondunun aktivlərinin həcmi 12,5 faiz artıb və 43,3 milyard dollar təşkil edib. Aktivlərin artımı qeyd etdiyim kimi neft gəlirlərinin proqnoza nisbətdə yüksək olması, o cümlədən vəsaitlərin idarə edilməsindən qazanılan gəlirlər hesabına olub.
- Ötən il Neft Fondunun büdcə gəlir və xərcləri nə qədər olub? Neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər hansı həcmdədir?
- 2019-cu ildə ARDNF-in büdcə gəlirləri 19 milyard manat, büdcə xərcləri isə 11,6 milyard manat olub. Gəlirlərin 15,4 milyard manatını neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlər təşkil edib ki, buraya mənfəət nefti və qazının satışı (14,6 milyard manat), bonus ödənişləri (766,4 milyon manat), akrhesabı ödənişlər (4,7 milyon manat), tranzit gəlirləri (18,9 milyon manat) daxildir.
Fondun vəsaitlərinin idarə edilməsindən isə 3,6 milyard manat əldə olunub ki, bu da ümumi gəlirlərin 19,1 faizini təşkil edir. Bununla da investisiya portfelinin ümumi illik gəlirliliyi 5,3 faiz olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.
2019-cu ildə Dövlət Neft Fondunun büdcə xərclərinin vaxtında icrası ilə əlaqədar ölkədə fiskal tarazlığın qorunması təmin edilib. Fondun büdcə xərclərini dövlət büdcəsinə transfert (11,4 milyard manat), qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması (200 milyon manat), ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri (24,3 milyon manat) olub.
- Fondun investisiya fəaliyyəti ilə bağlı göstəricilər necədir?
- ARDNF-in investisiya portfelinin valyutalar üzrə bölgüsünə nəzər yetirsək 2019-cu ilin yekunları üzrə portfelin 56,6 faizini ABŞ dolları, 31,4 faizini avro, 5,1 faizini ingilis funt sterlinqi, digər hissəsini isə müvafiq olaraq Avstraliya dolları, Türkiyə lirəsi, Rusiya rublu, Koreya vonu, Çin yuanı, yapon yeni və digər valyutalar təşkil edib. Portfelin aktivlər üzrə bölgüsündə 68,7 faizi istiqrazlar və pul bazarı alətləri, 14,1 faizi səhmlər, 5,8 faizi daşınmaz əmlak, 11,4 faizi isə qızıla investisiyalar olub.
Kredit reytinqi üzrə bölgüdə aktivlərin 42,8 faizi AAA reytinqli alətlərə, digər hissələri isə müvafiq olaraq AA, A, BBB kredit reytinqli alətlərə investisiya edilib. Portfelin yalnız 1,4 faizi qeyri-investisiya dərəcəli alətlərə investisiya edilib.
İnvestisiya portfelinin 33,8 faizi Avropa, 33,76 faizi Asiya-Sakit Okean regionu, 24,9 faizi Şimali Amerikaya, 2,04 faizi Avstraliya/Yeni Zelandiya, 0,71 faizi Yaxın Şərq, 0,05 faizi Latın Amerikaya investisiya olunub, 4,73 faizi isə beynəlxalq təşkilatlara investisiyalar təşkil edir. Ölkələrin inkişaf səviyyəsinə görə bölgüdə portfelin 63 faizini inkişaf etmiş ölkələr, 32 faizini inkişaf etməkdə olan ölkələr və 5 faizini beynəlxalq maliyyə təşkilatları təşkil edir.
Portfelin ümumi gəlirliliyi 5,3 faiz olub. Səhm alt portfelinin gəlirlilikdə töhfəsi 2,7 faiz, istiqrazların 2,2 faiz, daşınmaz əmlak alt portfelinin isə 0,4 faiz təşkil edib. İnvestisiya portfelinin alt portfellərinin fərdi gəlirliliyinə nəzər yetirdikdə səhm üzrə fərdi gəlirlilik 21,5 faiz, istiqraz və pul bazarları alətləri üzrə 3 faiz, daşınmaz əmlak üzrə fərdi gəlirlilik isə 7,4 faiz olub.
- ARDNF-in vəsaitlərinin bir hissəsi Çin yuanına investisiya olunub. Son dövrdə Çində baş verən hadisələr oradakı yatırımlara necə təsir edib?
- İlk əvvəl onu qeyd etmək istərdim ki, vəsaitlərin gəlirliliyinin ölçülməsi portfeldəki aktivlərin ifadə olunduqları hər bir valyuta üzrə ayrılıqda aparılır, eyni zamanda, ümumi portfelin də gəlirliliyinin hesablanması müvafiq valyutalar üzrə investisiya dəyərinin portfeldəki payına uyğun olaraq həyata keçirilir. Onu da vurğulamaq istərdim ki, Neft Fondunun valyuta vəsaitlərinin əsas gəlirlilik göstəricisi məhz aktivlərdən kupon (dividend, icarə haqqı), eləcə də əsas kapitalın dəyərinin dəyişməsi nəticəsində əldə edilən gəlirlərdir. Bildiyiniz kimi, ARDNF 2015-ci ilin iyun ayından etibarən Çin yuanında ifadə olunan aktivlərə investisiya edir və bu investisiyaların həcmi 3 milyard Çin yuanı təşkil edib. Ötən dövr ərzində bu yatırımların dəyəri artaraq 2019-cu ilin sonuna 3,5 milyard Çin yuanına bərabər olub.
Eyni zamanda, qeyd etmək istərdim ki, Dövlət Neft Fondunun vəsaitlərinin bazar dəyəri müvafiq qanunvericiliyə əsasən investisiya portfeli üçün baza valyutası olan ABŞ dollarında da təqdim olunur. Öncələr də vurğuladığımız kimi, məzənnə dəyişkənliyi hər bir aktiv növü üzrə onun ABŞ dollarında olan ümumi gəlirliliyini təşkil edən komponentlərdən yalnız biridir (əsas kapitalın dəyəri və kupon komponentləri ilə yanaşı). Bununla da aktivlərin mənfi məzənnə dəyişkənliyinə baxmayaraq, digər komponentlərin ümumi gəlirliliyə toplam müsbət töhfəsi nəticəsində Çin yuanında ifadə olunan aktivlərə investisiyaların başlanılma tarixindən etibarən olan dövr ərzində sözügedən aktivlər üzrə ABŞ dollarında da ümumilikdə müsbət gəlirlilik müşahidə edilib.
Bir daha vurğulamaq istərdim ki, ARDNF-in vəsaitlərinin idarə olunması strategiyası uzunmüddətli dövr üçün nəzərdə tutulub və maliyyə bazarlarındakı qısamüddətli dalğalanmalardan, xüsusilə məzənnə dəyişikliklərindən yarana biləcək zərərin fondun vəsaitlərinin artım tempinin dayanıqlılığına təhlükə və ya Neft Fondu üçün birbaşa itki hesab edilməsi reallığı tam şəkildə əks etdirmir.
- Dövlət Neft Fondunun səhmlərə investisiyaları ilə bağlı məlumat verərdiniz.
- Qeyd etdiyim kimi 2019-cu ildə ARDNF-in investisiya portfelinin 6,1 milyard ABŞ dolları səhmlərə investisiya edilib. Bu göstərici investisiya portfelinin 14,1 faizini təşkil etməsinə baxmayaraq, onun ümumi gəlirliliyə töhfəsi 2,7 faiz olub.
Səhmlərlə bağlı xüsusilə vurğulamaq istərdim ki, investisiya portfelində səhmlərin mövcudluğu uzunmüddətli dövr ərzində yüksək gəlirliliyin təmin edilməsi ilə şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması istiqamətində olduqca vacibdir. Belə ki, səhmlər qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə səciyyələnsələr də, lakin uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edir. ARDNF-in səhm yatırımlarının əsas hissəsini inkişaf etmiş ölkələrin bazar kapitallaşmasına görə ən iri şirkətlərinin səhmlərinə investisiyalar təşkil edir ki, bu məqsədlə də “MSCI World” İndeksi hədəf olaraq seçilib. Adıçəkilən indeks inkişaf etmiş 23 ölkənin, iqtisadiyyatın müxtəlif sahələrini və fərqli valyutalarını əhatə edən 1600-dən çox ən iri şirkətini özündə birləşdirir. Bu yatırımlar müvafiq xarici menecerlər tərəfindən passiv mandat əsasında idarə olunur.
- 2020-ci il üzrə investisiya planları nədən ibarətdir?
- ARDNF-in cari il üçün nəzərdə tutulmuş investisiya strategiyası əvvəlki illərdə olduğu kimi, mümkün risklərin minimallaşdırılması ilə gəlirliliyin yüksəldilməsi prinsipinə əsaslanacaq. Bu məqsədlə 2020-ci il üçün Neft Fondunun fəaliyyətini əsasən iki istiqamət üzrə qruplaşdırmaq olar:
İnvestisiya portfelinin risklərinin minimallaşdırılması ilə bağlı işlər. ARDNF-in qarşısında duran ən önəmli məsələlərdən biri məhz investisiya risklərinin azaldılması təşkil edir. Cari il ərzində xüsusilə sabit gəlirli qiymətli kağızlar üzrə yüksək kredit reytinqinə malik, daha az qiymət dəyişkənliyi riski ilə müşayiət olunan istiqrazların çəkisinin əhəmiyyətli şəkildə artırılması hədəflənib. Belə ki, ən məqbul alqı-satqı şərtləri ilə korporativ istiqrazlar ən yüksək kredit reytinqli dövlət və dövlətə bağlı agentliklərin istiqrazları ilə əvəz ediləcəkdir. Bu isə öz növbəsində xüsusilə səhm investisiyaları diqqətə alınaraq investisiya portfeli üçün daha uyğun risk/gəlirlilik profilinə nail olmağa şərait yaradacaq. Bununla yanaşı, digər investisiya aktivləri, xüsusilə daşınmaz əmlak və özəl səhmlərlə bağlı mövcud strategiya, eləcə də cari bazar konyukturasının ətraflı təhlilləri əsas götürülməklə müvafiq yatırımlar həyata keçiriləcək.
Növbəti istiqamət isə vəsaitlərin valyutalar üzrə bölgüsündə avronun xüsusi çəkisinin azaldılması ilə bağlı işlərdir. Bildiyiniz kimi ARDNF-in 2020-ci il üzrə investisiya siyasətinə uyğun olaraq investisiya portfelində avronun payı 35 faizdən 20 faizə endirilib. Buna əsas səbəb isə Neft Fondunun investisiya portfelinin valyuta bölgüsündə avro ilə ifadə olunan aktivlərin çəkisinin beynəlxalq maliyyə bazarlarında müvafiq nüfuzlu indekslərdəki, beynəlxalq valyuta ehtiyatlarındakı tutduğu çəki ilə nisbətdə daha yüksək olmasıdır. Bununla yanaşı, bilirsiniz ki, avro bazarlarında uzun müddətdir ki, aşağı və ya neqativ faiz dərəcələri müşayiət olunur, bu da öz növbəsində xüsusilə sabit gəlirli qiymətli kağızlar portfeli üçün əlavə təhdidlər yaradır. Cari ildə bu işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulur. Belə ki, avroda ifadə olunan sabit gəlirli qiymətli kağızlar qaytarılma müddəti başa çatdıqca və ya xüsusi alqı-satqı strategiyası əsasında ən məqbul şərtlərlə satılaraq ABŞ dollarına konvertasiya ediləcək və müvafiq aktivlərdə yerləşdiriləcək.
- ARDNF-in bu il daşınmaz əmlaka investisiyalar ilə bağlı planları nədən ibarətdir?
- İlk öncə, qeyd edək ki, 2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən Dövlət Neft Fondunun investisiya portfelinə daşınmaz əmlak və digər yeni investisiya alətləri daxil edilib. Sözügedən strategiyanın həyata keçirilməsində əsas hədəf ARDNF-in investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə diversifikasiyası və gəlirliliyinin artırılması olub.
Fond daşınmaz əmlaka investisiyaları 2020-ci ildə də davam etdirəcək. Cari il üzrə strategiyaya uyğun olaraq azriskli və sabit gəlir gətirən əmlak növlərinə yatırım edən fondlara investisiya qoyuluşları həyata keçirilməsi planlaşdırılır. Həmçinin ABŞ daşınmaz əmlak bazarına investisiyaların davam etdirilməsi nəzərdə tutulur. Bu investisiyalar həm fondlar vasitəsi ilə, həm də müştərək investisiyalar şəklində həyata keçiriləcək.
- Dövlət Neft Fondu tərəfindən hansı yeni layihələrin maliyyələşdirilməsi planlaşdırılır?
- ARDNF-in 2020-ci il üçün təsdiq edilmiş büdcəsinə əsasən fond tərəfindən yeni bir layihənin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu layihənin əsas məqsədi Azərbaycan təhsil sisteminin inkişafı, ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və beynəlmilləşdirilməsi, eləcə də təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsindən ibarətdir. Proqrama əsasən yüksək potensiallı gənc alimlərin dünyanın aparıcı universitetlərində doktorantura proqramları üzrə təhsil xərcləri, habelə bir sıra seçilmiş dünya universitetləri ilə birgə ikili diplom təhsil proqramları ARDNF tərəfindən maliyyələşdiriləcək.
- Fondun qızıl investisiyaları barədə məlumat verərdiniz. ARDNF-in qızıl ehtiyatlarının artırılması planı qüvvədə saxlanılırmı?
- Qızılın investisiya portfelinə daxil edilməsi portfelin şaxələndirilməsi və inflyasiyaya qarşı hedcinq siyasəti ilə bağlı olmaqla, ilk növbədə, strateji xarakter daşıyır. Son zamanlarda qlobal və regional miqyasda geosiyasi gərginliyin, eləcə də maliyyə bazarlarında qeyri-müəyyənliyin artması fonunda, bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır.
2019-cu il dekabrın 31-nə qızılın ARDNF-in investisiya portfelində ümumi həcmi 11,4 faiz (101,2 ton və ya 4,93 milyard dollar) təşkil edib. Alınan qızılın 1,77 tonu (81 milyon dollar) “AzerGold” QSC tərəfindən hasil edilən qızılın payına düşür. Qızıl alışları bazar qiymətlərinə uyğun olaraq həyata keçirilib.
Həmçinin qeyd etmək istərdim ki, investisiya portfelinin həcmi və qiymət amilləri nəzərə alınaraq qızıl Neft Fondunun investisiya portfelində nəzərdə tutulan hədəf payına (yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri) müvafiq olaraq artırıla bilər.
AZƏRTAC