Qlobal iqtisadi yavaşlama ilə əlaqədar olaraq tələbin azalacağı ilə bağlı artan narahatlıqlar fonunda neft ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, ABŞ xam neftinin qiyməti 88 dollardan, Brent nefti isə 94 dollardan aşağı düşüb. Brent neftinin qiyməti 93,29 dolları, ABŞ xam neftinin qiyməti isə 87,76 dolları görüb.
ABŞ xam nefti bu həftə 10 faizdən çox ucuzlaşıb. Rəsmi məlumatlar göstərir ki, ABŞ-da anbarlarda xam neft ehtiyatları artıb, benzin istehlakı (istifadəsi) azalıb.
Bu azalma OPEC+-ın ehtiyat gücün yetərli olmadığı barədə xəbərdarlıq etməsinə baxmayaraq baş verib.
İlin ilk beş ayında qiymətlərin yüksəlməsindən sonra xam neft iyun və iyul aylarında ucuzlaşıb və qiymətlərin düşməsi bu ay daha da sürətlənib.
Rusiyanın Ukraynaya hücumu nəticəsində qiymətlərdə baş vermiş artım artıq tamamilə silinib.
FED də daxil olmaqla mərkəzi bankların faiz dərəcələrini artırmaları qlobal iqtisadiyyata inflyasiya təzyiqlərini azaldacağı gözlənilir.
Analitiklər bildirirlər ki, qiymətlərin düşməsi neftə tələbin pisləşməsilə əlaqədardır.
Daha sərt pul siyasətinə keçid investorlar arasında əsas iqtisadiyyatlarda artımın yavaşlayacağı və enerji istehlakı perspektivini təhlükə altına atacağı ilə bağlı narahatlıqlar yaradıb. İngiltərə Mərkəzi Bankı cümə axşamı xəbərdarlıq edib ki, Böyük Britaniya borclanma xərclərini (faizi) artırdığı üçün tənəzzülə girir.
Bu həftə qiymətlərin düşməsinə qismən Liviyanın xam neft hasilatını bərpa etməsi də təsir göstərib. (Marja)