Rusiya baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov OPEK ölkələri arasında razılıq olmasa, və indiki müqavilə uzadılmasa neftin 30 dollara enəcəyini bildirib.
Siluanov Rusiya parlamentinin aşağı palatasında, Dumada etdiyi çıxışda bildirib ki, OPEK və bu quruma daxil olmayan ölkələr arasında qeyri-müəyyənlik davam edir.
Maliyyə naziri deyib ki, Rusiyanın büdcə planlaşdırılmasında bütün bu risklər nəzərə alınır və razılaşma olmasa, neftin qiyməti 30 dollara enə bilər.
Rusiyanın enerji naziri Aleksandr Novak da mətbuata verdiyi açıqlamada bildirib i, neftin 30 dollara düşə biləcəyi realdır. Onun sözlərinə görə, bu məsələdə hər şey, ticarət müharibələri və sanksiyalar kimi qeyri-müəyyənliklər səbəbindən bu ilin ikinci yarısında neft qiymətlərinin necə dəyişəcəyindən asılıdır.
Səudiyyənin neft və enerji naziri Halid el-Falih isə bir qədər əvvəl verdiyi açıqlamada bildirmişdi ki, neftin qiymətləri mövzusunda Rusiya ilə müzakirələr davam edir. Nazir qeyd edib ki, OPEK və quruma daxil olmayan ölkələr arasında neftin qiyməti lə bağlı müqavilənin davam edəcəyinə əmindir.