Rusiya hökuməti neftin indiki – 25 dollar ətrafındakı qiymətinə nə qədər davam gətirə biləcəyini açıqlayıb.
FED.az xəbər verir ki, Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin bildirib ki, neftin qiyməti 2-3 illik müddətdə 25 dollar ətrafında olsa, Rusiya üçün böyük problemlər yaranacaq. Onun sözlərinə görə, qiymət koronavirusla bağlı vəziyyətdən asılı olacaq.
Nazir müavin deyib ki, Rusiya neftin 25 dollarlıq qiymətinə yarım il ərzində rahat davam gətirə biləcək. Bu çevik vergitutma sistemi sayəsində – yəni neftin qiymətinin 65%-i vergi kimi büdcəyə gedir - mümkün olacaq. Doğrudur, bu variantda büdcənin gəlirləri azalacaq, amma Rusiyanın da qızıl-valyuta ehtiyatları var.
Sənayedəki mürəkkəb dövrdə devalvasiya da ola bilər, deyə nazir müavini etiraf edib. O əlavə edib ki, bu «xoşagəlməz»dir, çünki həmişə neqativ qəbul olunur və əhalini gəlirlərinə mənfi təsir edir.
Qeyd edək ki, hələ martın əvvəlində neftin qiyməti çökəndə rus rublu xeyli dəyər itirib və dollar 78,7 rubla yüksəlib, avro isə 85,9 rubla çatıb.
Amma əgər neftin qiyməti 2-3 il müddətdə 25 dollar həddində qalsa, bu ölkə iqtisadiyyatı üçün ciddi problemlər yaradacaq.
Nazir müavini bildirib ki, investorlar koronavirusdan sonra bir neçə ölkədə dirçəlmə əlamətləri görən kimi, daha fundamental düşünməyə başlayacaqlar və nefin qiyməti 40-45 dollara yüksələcək.