Energetika Nazirliyində ““Azərenerji” ASC-nin elektrik stansiyalarının optimallaşdırılması və bərpası Proqramı” hazırlanır. Bu barədə FED.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Nazirlikdə “Azərenerji”nin, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Almaniyanın “ENERCO” şirkətinin nümayəndələri ilə birgə ““Azərenerji” ASC-nin elektrik stansiyalarının optimallaşdırılması və bərpası Proqramı”nın hazırlanması ilə bağlı ekspertlər səviyyəsində müzakirəsi keçirilib. İclasda nazirlik tərəfindən, “ENERCO” şirkətinin cəlb edilməsi ilə elektrik stansiyalarında cari ilin aprel-iyul aylarında aparılmış araşdırmalar əsasında hazırlanmış hesabat təhlil edilib.
Həmçinin tədbir iştirakçıları qeyd olunan Proqramın hazırlanması üzrə görülən işlər, elektrik enerjisinin istehsalı prosesi və optimallaşdırılma tədbirləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Söhbət zamanı ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hallarının qarşısının alınması məqsədilə yeni generasiya güclərinin yaradılması, İstilik Elektrik Stansiyaları, o cümlədən modul tipli stansiyaların modernizasiyası, mövcud stansiyaların bərpası və gücünün artırılması, stansiyaların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və ölkənin enerji potensialından effektiv istifadənin zəruriliyi qeyd edilib.
Müzakirələrin yekunlarına dair elektrik stansiyalarında real orta illik və ehtiyat gücün artırılması, həmçinin stansiyaların istismarının effektivliyi və etibarlılığının yüksəldilməsi üçün ekspertlərin rəy və təkliflərinin Proqram üzrə yekun hesabatda nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb.
Nazirlik “Azərenerji” üçün yeni plan hazırlayır - YENİ GÜCLƏR
00:04
8 Sen 2018