Yaxın zamanda Serbiya və Azərbaycan arasında Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi ilə bağlı memorandumun imzalanması gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç bildirib.
"Bu elektrik stansiyasının tikintisi Serbiyanın yeni Enerji Strategiyası və İnteqrasiya olunmuş Milli Enerji və İqlim Planında prioritet layihədir. O, baza gücünü təmin etməyə və enerji təchizatının etibarlılığını artırmağa imkan verəcək", - nazir qeyd edib.
Onun sözlərinə görə, Serbiya və Azərbaycanın enerji şirkətləri - EPS, “Srbijagas” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Serbiyanın Mədən və Energetika Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi ilə birlikdə artıq layihənin maliyyə təhlilini hazırlayıb.
"Təhlil cari ilin iyun ayında Bakıda keçirilən iclasda təqdim edilib və hazırda maraqlı tərəflərin iştirakı ilə danışıqlar mərhələsindədir. Maliyyə və iqtisadi parametrlər razılaşdırıldıqdan və saziş imzalandıqdan sonra layihənin icrasına keçid etmək və tikinti işlərinin başlanmasının dəqiq tarixini müəyyən etmək mümkün olacaq. Bu, enerji sabitliyinin təmin edilməsində mühüm element hesab edilən prioritet layihədir", - D.Cedoviç-Handanoviç əlavə edib.
Nazir Azərbaycanla qarşılıqlı əlaqələrin yeni layihələr hesabına genişləndirilməsi planları barədə məlumat verib: "Mövcud sazişləri, Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu və yeni birgə layihələrə başlamağa hazır olmasını nəzərə alaraq, əminik ki, Azərbaycan qazı yaxın illərdə Serbiya bazarında getdikcə daha əhəmiyyətli rol oynayacaq. (Report)