Qazaxıstan son 40 ildə dünyanın kəşf edilmiş ən nəhəng yataqları sırasında dayanan və ehtiyatları təqribən 3 mlrd. ton həcmində qiymətləndirilən "Kaşaqan" yatağında hasilata hazırlaşır. Qazaxıstan neftinin Avropa bazarlarına nəql edilməsi üçün əsas mənbə Xəzər dənizinin Qazax sektorunda yerləşən məhz bu yataq hesab edilir.
Bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyib.
Nazir qeyd edib ki, "Kaşaqan" yatağının işə salınmasından sonra, hasil olunacaq nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindən istifadə nəzərdə tutulur: "BTC-nin səhmdarı kimi bu kəmərdə 15 faizlik iştirak payına malik olan dörd şirkət (ENİ, INPEX, Conoco Phillips və Total) Qazaxıstanın "Kaşaqan" yatağında da fəaliyyət göstərir. Bu, o deməkdir ki, şirkətlər boru kəməri (boru kəmərinin layihə üzrə nəql gücü sutkada 1 mln. barel neft təşkil edir) ilə sutkada təqribən 150 min barel neft nəql edə biləcəklər. Bundan başqa, Qazaxıstanın cənub ərazilərində və Xəzərin bu ölkəyə aid sektorunda aparılan geoloji-kəşfiyyat işləri nəticəsində aşkarlanan, ehtiyatları isə 6-9 milyard barel həcmində qiymətləndirilən "Tengiz" yatağının işlənməsi üzrə operator - ABŞ-ın "Chevron Texaco" şirkəti 2008-ci ildən etibarən bu yatağın neftinin BTC vasitəsilə Aralıq dənizinin bazarlarına çatdırılmasına nail olub. Beləliklə, BTC həm "Kaşaqan", həm də "Tengiz" yatağının timsalında hələ uzun müddət Qazaxıstan üçün öz əhəmiyyətini qoruyub saxlayacaq".