Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların iştirakı ilə videokonfrans formatında növbəti kollegiya iclası keçirilib.
FED.az xəbər verir ki, Nazirliyin yaydığı məlumatda bildirilir ki, iclasda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.
Sonra Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun və digər həmməruzəçilərin "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində görülmüş tədbirlərə dair məruzələri dinlənilib. Bildirilib ki, bu istiqamətdə 16 işçi qrupu yaradılıb və 13 qaydanın hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən Enerji effektivliyi fondunun yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.
İclasda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanmasının cari vəziyyəti haqqında məlumat verən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bu istiqamətdə tədbirlər planının icrası məqsədilə 5 işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələri ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi və aktiv istehlakçıların dəstəklənməsi mexanizminin tətbiqinə dair qaydaların layihələrinin beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlandığı bildirilib. Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin əsasnaməsinin və bərpa olunan enerji mənbələri hesabına istehsal edilmiş elektrik enerjisinə mənbə sertifikatının verilməsi qaydasının hazırlanmaqda olduğu diqqətə çatdırılıb.
Kollegiya iclasında, həmçinin Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Energetika Nazirliyinin normativ hüquqi aktlarının yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması istiqamətində atılmış addımlar haqqında məlumat verilib.
İclasın sonunda kollegiyanın sədri Pərviz Şahbazov görüləcək işlər və qarşıda duran vəzifələrin icrası, sənədlərin icra vəziyyətinin və müddətinin nəzarətdə saxlanılması, icra intizamına riayət edilməsi ilə bağlı nazirliyin struktur bölmələrinə və tabeli qurumlara müvafiq tapşırıqlar verib.