Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Erkan Özoral Energetika Nazirliyində olub. Nazirlikdən Fed.az-a verilən məlumata görə, energetika naziri Natiq Əliyev İstanbulda çox sayda insanın həlak olması və yaralanması ilə nəticələnmiş terror aktına görə kədərləndiyini, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı dilədiyini və Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu bildirib.
İki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını vurğulayan N. Əliyev deyib ki, bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: "Təməli qədim tarixə əsaslanan Azərbaycan-Türkiyə birliyi iki ölkənin dövlət başçılarının əməyi sayəsində yüksələn xətt üzrə davam etdirilir".
Enerji sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının nailiyyətlərindən bəhs edən energetika naziri bildirib ki, Azərbaycan bir çox enerji layihələrini Türkiyənin maraqlarını nəzərə almaqla, bu ölkə ilə birgə icra edib. N. Əliyevin sözlərinə görə, Azərbaycanın Türkiyə ilə müştərək reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən olan TANAP layihəsi bir daha sübut edir ki, regionda enerji təhlükəsizliyinin təminatı hər iki ölkənin birgə iştirakı olmadan mümkün deyil. N. Əliyev Türkiyə hökumətinin TANAP-ın vaxtında icra edilməsi ilə bağlı dəstəyini yüksək qiymətləndirərək, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasının keçirilməsini zəruri edən amillər və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakın bu tədbirə qatılaraq layihənin həyata keçirilməsində rol oynayan ölkələrin energetika nazirləri ilə birgə müzakirəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Türkiyəli diplomat isə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı üçün səylərini əsirgəməyəcəyini bəyan edib. Səfir bildirib ki, fəaliyyət göstərdiyi müddətdə əsas məqsədi bütün sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına nail olmaqdan ibarətdir. Onun sözlərinə görə, Türkiyə TANAP layihəsinin icrasını vaxtından əvvəl yekunlaşdırmağa çalışmaqla yanaşı, enerji əməkdaşlığını daha da irəlilətməyi düşünür. Səfir Azərbaycanın Türkiyədə ən böyük xarici sərmayədar olmasından qürur duyduğunu deyərək, ölkəsinin Azərbaycanın qədəm qoyduğu yeni iqtisadi inkişaf mərhələsində yaxından iştirakda maraqlı olduğunu da ifadə edib.
N. Əliyev bir daha səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb və Energetika Nazirliyi tərəfindən ona hər zaman bu sahədə lazımi köməyin göstəriləcəyini bildirib.