2018-ci ilin birinci rübünun sonunadək Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 15 mln. tonadək artırılacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“Limanın birinci fazası üzrə yükaşırma qabiliyyətinin əvvəl nəzərdə tutulan 10 mln. tondan 15 mln. tonadək artırılmasını təmin edəcək”, - Ş.Mustafayev qeyd edib.
Onun sözlərinə görə, 2017-ci ilin sonuna yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisi, 7 ümumi yük körpüsü, 2 Ro-Ro körpüsü, xidməti donanma gəmiləri üçün körpünün inşası başa çatacaq.
“Layihəyə əsasən, 2018-ci ilin birinci rübünun sonunadək olan dövrdə anbarlar, yardımçı binalar, digər əlaqəli infrastruktur obyektləri inşa olunacaq, onların mühəndis-kommunikasiya xətləri (elektrik, rabitə və s. daxil olmaqla) çəkiləcək. Bu dövrdə həmçinin yardımçı sistemlərin (drenaj, siqnalizasiya, yanğınsöndürmə və yanğın xəbərdarlığı, İT, videomüşahidə, İSPS və s. daxil olmaqla) quraşdırılması, əməliyyat binasının inşası başa çatdırılacaq. Bütün bunlar isə limanın birinci fazası üzrə yükaşırma qabiliyyətinin əvvəl nəzərdə tutulan 10 mln. tondan 15 mln. tonadək artırılmasını təmin edəcək”, - Ş.Mustafayev vurğulayıb.
Nazir xatırladıb ki, limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zona fəaliyyət göstərəcək və bunun üçün müvafiq hüquqi rejim yaradılır.
Interfax©