Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir. Energetika naziri Natiq Əliyev noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, bununla yanaşı, energetika naziri hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEC ölkələrinin sutkalıq hasilatı 1,2 mln. barrel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür.
Azərbaycanın mövqeyinə gəldikdə isə, hamıya məlumdur ki, ölkə Prezidenti səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan etmişdir. Bir daha vurğalayırıq ki, Azərbaycan neft haslatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır.
OPEC-in dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşlə bağlı Natiq Əliyev bildirib ki, toplantıya dəvət olacağı və iştirakımızın zəruri hesab ediləcəyi təqdirdə Azərbaycan tədbirə qatılacaq. “Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azlatmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır”-deyə Natiq Əliyev bildirib.
Natiq Əliyev OPEC-in qərarına münasibətini açıqlayıb
11:12
1 Dek 2016