Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Energetika Nazirliyində olub.
Nazirliyin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, energetika naziri Natiq Əliyevlə keçirilən görüşdə iki ölkə arasında siyasi əlaqələrin inkişaf səviyyəsindən, Mərakeşin beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsindən məmnunluq ifadə edilib. İkitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə söhbət açılıb.
Natiq Əliyev müxtəlif dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində mövcud olduğu Azərbaycanın mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanı kimi tanındığını, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsinin də mədəniyyətlər və dinlərarası dialoqa töhfə veriləcəyini bildirib. O, bu siyasətin islam ölkəsi kimi Mərakeşlə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb.
Azərbaycanın həm də enerji ölkəsi kimi tanındığını qeyd edən nazir neft-qaz sahəsində əldə edilmiş nailiyyətlər, həyata keçirilən qlobal layihələr, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində qazanılmış yüksək təcrübədən bəhs edib. Natiq Əliyev Azərbaycanın Mərakeşin enerji sektorunda iştirak edərək bu təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Səfir Məhəmməd Adil Embarş isə öz nöbəsində bildirib ki, Azərbaycanla enerji əməkdaşlığının inkişafına nail olmaq əsas hədəflərdəndir. O, ölkəsinin əsas məqsədinin külək enerjisi, hidroenergetika, o cümlədən günəş enerjisi kimi bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və 2030-cu ilə kimi bərpa olunan enerjidən istifadəni 52 faizə çatdırmaqdan ibarət olduğunu bildirib. Səfir dünyanın ən böyük günəş enerji mərkəzi olan Faza I, Faza II və Faza II Noor stansiyalarının tikintisi, 2020-ci ildə 2000 meqavat elektrik enerjisinın əldə edilməsini nəzərdə tutan külək enerjisi və 2280 meqavatlıq hidroenergetika strategiyaları barədə ətraflı məlumat verib. Mərakeşlə Nigeriya arasında təbii qaz boru kəməri layihəsindən də danışan səfir SOCAR-la əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Natiq Əliyev ötən ilin noyabrında Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadİ əməkdaşlığın təmin edilməsi məqsədilə Burkino Faso və Beninə səfər çərçivəsində SOCAR-la əməkdaşlıq əlaqələrinin qurulmasını xatırladıb. Mərakeşlə də oxşar əməkdaşlıq münasibətlərinin formalaşdırılması üçün birgə tədbirlərin keçirilməsi və enerji sahəsində Anlaşma Memorandumu kimi sənədlərin hazırlanması və qəbulunun vacibliyini diqqətə çatdırıb.
Natiq Əliyev Mərakeş səfirini qəbul edib
16:54
8 Fev 2017