Prezident İlham Əliyevin 2016-cı il 19 oktyabr tarixli sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə Energetika Nazirliyinin “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
Bu barədə Fed.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Energetika naziri Natiq Əliyev “Azərbaycan” İES-in birinci enerji blokunun Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verildiyi tarixin-20 oktyabrın Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2004-cü ildən etibarən ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilməsini bu sahədə çalışan insanların fəaliyyətinə xüsusi diqqətin göstəricisi kimi dəyərləndirib. Bildirib ki, elektroenergetika ölkənin iqtisadi inkişafında əhəmiyyətli yerə malikdir. Hər bir energetik də çalışır ki, əhali və iqtisadiyyatın elektrik enerjisinə tələbatı tam təmin edilsin. Natiq Əliyev energetiklərin əməyini həmişə yüksək qiymətləndirən, onların fəaliyyətini, elektroenergetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevə Nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib.
Sonra energetika naziri Natiq Əliyev təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Təltif olunanlardan Dövlət Enerji Nəzarət İdarəsinin Bakı regional bölməsinin baş məsləhətçi-müfəttişi Nəbi Həsənov və Elektroenergetika şöbəsinin böyük məsləhətçisi Kamilə Rəhimova aldıqları dövlət mükafatlarını Energetika Nazirliyi kollektivinin əməyinə verilən qiymət kimi qəbul edərək, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarını qeyd ediblər.
Natiq Əliyev energetiklərə “Tərəqqi” medalları təqdim edib
16:03
24 Okt 2016