Moldova Azərbaycandan təbii qaz almağı planlaşdırır.
Eləcə də bax: Avropa Azərbaycandan 20 milyard kubmetr qaz alır - BÖYÜK MÜQAVİLƏ İMZALANACAQ
FED.az xəbər verir ki, Moldova Parlamenti qazın tədarükü üçün Avropa İttifaqının (Aİ) 300 milyon avro krediti məbləğində dəstək layihəsini təcili olaraq iki oxunuşda qəbul edib. Rəsmi Kişinyov Azərbaycan və Rumıniyadan Rusiyaya alternativ enerji resursu almağı gözləyir. Buxarestin qaz anbarları isə 49 % dolu olduğu halda, Bakı ilə danışıqlar yenicə başlayıb.
Moldova ekspertləri ölkənin Azərbaycan qazını Aİ vasitəsilə alması ehtimalını da vurğulayıblar. Onlar bildiriblər ki, Avropa İttifaqı Bakı ilə Azərbaycan qazının tədarükünə dair saziş imzaladığını elan edib.
Qeyd edilir ki, Avropa Komissiyası Aİ ölkələrinə Azərbaycanla təbii qaz idxalının artırılması, onun boru kəmərinin və imkanlarının genişləndirilməsi ilə bağlı saziş bağlamağı təklif edib. Aİ 2027-ci ilə qədər kommersiya məqsədəuyğunluğu və bazar tələbindən asılı olaraq Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətində olduğunu açıqlayıb.
“Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq şaxələndirməni artırmaq üçün Xəzər təbii qazının Avropa İttifaqına və potensial olaraq Qərbi Balkan ölkələrinə tədarükünü nəzərdə tutur. Tərəflər 2027-ci ilədək azı 20 milyard kubmetr həcmində təbii qazın tədarükünü gözləyirlər. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin qoyulmasına səbəb olacaq”, - “Euobserver” müstəqil internet nəşri yazıb.
Moldovanın IPN xəbər agentliyi ölkənin təbii qazın alınması üçün Avropa platformasına, eləcə də Azərbaycan tərəfi ilə dialoqa qoşulduğunu bildirib. Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu qeyd edib ki, Azərbaycandan təbii qazın alınması imkanının yaradılması üçün yerli hakimiyyətlə danışıqlar davam edir.
Moldova parlamentinin sədri İqor Qrosu vətəndaşları əmin edib ki, ölkə qışın sərt dövründə təbii qazsız qalmayacaq.
“Bizim qazımız olacaq. Avropalı tərəfdaşlar və digər təchizatçılarla fəal danışıqlar aparırıq. Əlbəttə “Moldovaqaz” vasitəsilə “Qazprom”la danışıqları davam etdirəcəyik. Amma keçən ilin oktyabrında öyrəndiyimiz dərs odur ki, mənbələri şaxələndirmək lazımdır”, - İqor Qrosu televiziyadakı çıxışıında deyib. (Report)