Nazirlər Kabineti “Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nı təsdiq edib.
FED.az xəbər verir ki,, bu Qayda məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir.
Baş nazirdən elektrik enerjisi haqda qərar
Sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir. Sifarişçi ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir. Texniki şərtlərin hazırlanması üçün haqq ödənilmir. Sifarişçi “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün mərkəzlərə müraciət etməlidir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilməlidir. Məişət abonentlərinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən, sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir.
Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə enerji təchizatı müəssisəsinin (ETM) mərkəzlərdəki nümayəndəsinə müraciət edir. Sifarişçi texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edərkən, ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir. ETM-in nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır. Ərizədə sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer), sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda), tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri qeyd edilməlidir. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. Sənədlər tələblərə uyğun olduqda, sifarişçi qoşulma haqqını ETM-in bank hesabına köçürür və vəsaitin köçürülməsini təsdiq edən sənədi ETM-in nümayəndəsinə təqdim edir.
ETM-in nümayəndəsi sənədləri icraata qəbul etdikdən sonra, elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunda nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. ETM 8 (səkkiz) gün müddətində sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtləri və layihə sənədlərini hazırlayır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı məişət abonentinin cəlbi nəzərdə tutulmur. ETM tərəfindən texniki şərtlər və layihə sənədləri mərkəzlərə təqdim olunduğu gün ETM-in nümayəndəsi onları sifarişçiyə mərkəzlər vasitəsilə təqdim edir və ya sifarişli poçtla, həmçinin sifarişçinin ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına da göndərir. Yaşayış binalarının ETŞ-yə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin və layihə sənədlərinin alınması, həmçinin qoşulma haqqının ödənilməsi tələb olunmur.
Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi qoşulma haqqından əlavə heç bir haqq ödəmir. Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır. Elektrik enerjisi sayğacı sifarişçinin tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin sərhədində (girişində), qidalandırıcı kabelin uclarında, ETM nümayəndəsinin maneəsiz baxış keçirə biləcəyi yerdə quraşdırılmalıdır.
Qeyd edək ki, məişət abonenti yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır.