“McKinsey & Company” şirkətinin tərəfdaşı və “McKinsey” Bakı ofisinin rəhbəri Murat Gürsoy SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yumşaq bacarıqların əhəmiyyəti” mövzusunda master-klas keçib.
FED.az xəbər verir ki, master-klasda Ali Məktəbin professor-müəllim, inzibati heyəti, tələbələr və Bakı Ali Neft Məktəbini Fərqlənmə diplomu ilə bitirən və hazırda dünyanın ən məşhur şirkətlərindən olan “McKinsey & Company”də məsul vəzifədə çalışan Leyla Firudinbəyli də iştirak edib.
Rektor Elmar Qasımov dəvəti qəbul etdiyi üçün Murat Gürsoya təşəkkür edərək bu master-klasın faydalı olacağına və iştirakçıların zəngin məlumatlardan yararlanacağına əminliyini bildirib.
Master-klasda Murat Gürsoy rəhbərlik etdiyi şirkət haqqında məlumat verib, şəxsi təcrübələrini bölüşüb, əmək bazarında tələb olunan bacarıqlar, gələcəyin trendlərindən bəhs edib. O, həmçinin yumşaq bacarıqların əhəmiyyətini vurğulayıb, gələcəkdə əmək bazarında yer tutmaq üçün tələbələrə inkişaf etdirməli olduqları bacarıqlar barədə tövsiyələrini verib. İnteraktiv formada keçirilən master-klas böyük maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda Murat Gürsoya Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.