Azərbaycan ərazisində maye qazın nəql edilməsi və bölüşdürülməsi, qaz balonlarının təmiri və sınağı üzrə xidmətləri üzrə aparıcı şirkət olan “Məişət Maye Qaz” QSC 2020-ci ili 2 milyon 721 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 1,6 dəfə azdır. Mənfəətin azalması gəlirlərin azalması ilə bağlıdır.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə “Məişət Maye Qaz” şirkətinin gəlirləri 25 milyon 173 min manat, cəmi xərcləri 21 milyon 771 min manat, əməliyyat mənfəəti 3 milyon 402 min manat, ödənilmiş mənfəət vergisi 680 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Məişət Maye Qaz” şirkətinin gəlirləri 29 milyon 778 min manat manat, xərcləri 24 milyon 318 min manat, əməliyyat mənfəəti 5 milyon 460 min manat, ödənilmiş mənfəət vergisi 1 milyon 92 min manat, xalis mənfəəti 4 milyon 368 min manat təşkil etmişdi.
Şirkət 01 yanavar 2021-ci il tarixində 23 milyon 195 min manat cəmi balansa malik olub. 01 Yanvar 2020-ci il tarixində şirkət 18 milyon 542 min manat cəmi balansa malik idi.
“Məişət Maye Qaz” QSC-nin nizamnamə kapitalının 99,5967%-i “Femida” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.