“Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb.
"Masdar" Azərbaycanda günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün "yaşıl" - İSTİQRAZ BURAXIB
FED.az xəbər verir ki, müqavilələri Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, bu layihələrdə iştirakı nəzərdə tutulan SOCAR adından iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi imzalayıblar. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.
İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpa olunan enerji mənbələri üzrə 4 QVt gücündə “Meqa” layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış İcra müqavilələrinin birinci mərhələsini əhatə edir.
Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasətinin nailiyyətləri ilə əlamətdardır. Enerji tariximizdə ilk xarici sərmayə əsaslı ən böyük günəş elektrik stansiyasının istifadəyə verilməsi, həmçinin 1000 MVt gücündə günəş və külək enerjisi layihələrinin icrasına dair investisiya müqavilələrinin imzalanması göstərir ki, ölkəmizin “yaşıl enerji” və “yaşıl investisiya” planları uğurla reallığa çevrilir. Azərbaycan “yaşıl enerji” istehsal və ixrac edən ölkə kimi strateji hədəflərini “Masdar” şirkəti ilə reallaşdırmaqdan məmnundur və bu layihələr 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 33%-dək yüksəlməsində mühüm rol oynayacaqdır”.
“Azərbaycan Masdarın əsas strateji tərəfdaşıdır və bu gün imzalanmış müqavilələr ölkənin “yaşıl enerji” vizyonunun genişləndirilməsi prosesini sürətləndirməyə imkan verəcəkdir. “Qaradağ” GES quruda və dənizdə ümumi gücü 10 QVt olacaq bir neçə potensial külək, günəş və “yaşıl hidrogen” layihələri arasında birincisidir. Bu stansiyanın istismara verilməsi investisiya cəlbinin artması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səbəb olacaqdır. Biz Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə çatmasına dəstək vermək üçün birlikdə çalışırıq", - deyə “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi bildirib.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr icra edib.