Azərbaycan etibarlı karbohidrogen ehtiyatlarına malikdir və hökumət bərpa olunan enerji sahəsində əhəmiyyətli addım atıb.
SOCAR Ərəb Əmirliyinin “Masdar” şirkətilə - SAZIŞLƏR IMZALADI
FED.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin qlobal dəniz külək biznesi üzrə məsul şəxsi Hüseyn Məhəmməd Əmir bildirib.
Onun sözlərinə görə, “Masdar” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bərpa olunan enerji sahəsində ilk layihəsini həyata keçirəcək: “İnanıram ki, bu layihələr Azərbaycanın Avropaya enerji təminatında etibarlı tərəfdaş mövqeyini möhkəmləndirəcək, yüksəldəcək. Belə ki, Azərbaycanla Avropa arasında imzalanmış analaşma memorandumlarına görə, Azərbaycan Avropaya həm elektrik enerjisi, həm də “yaşıl hidogen” ixrac edəcək”.
Şirkət rəsmisi bildirib ki, “Masdar” Azərbaycanda həmkarları, o cümlədən hökumət və yeni tərəfdaşı olan SOCAR ilə çox yaxşı irəliləyir və bərpa olunan enerji istehsalı üçün yeni ərazini müəyyənləşdirəcək: “Biz hökumətin müxtəlif qurumları ilə, o cümlədən Azərbaycanın Energetika Nazirliyi, “Azərenerji” ASC, SOCAR, İqtisadiyyat Nazirliyi ilə yaxından işləyirik. Bizim çox gözəl əlaqələrimiz var”.
O xatırladıb ki, ötən il Bakının Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının maliyyələşdirilməsinə nail olunub: “Biz bu stansiyanı uğurla inşa etməyə çalışırıq. 2022-ci ildə imzalanmış müqaviləyə əsasən, birinci mərhələdə 4 QVt, ikinci mərhələdə isə 6 QVt gücündə enerji istehsalı təmin olunacaq. 4 QVt gücünün 2 QVt-ı inteqrasiya edilmiş külək enerjisi, 1 QVt-ı günəş enerjisi, 1 QVt-ı isə külək enerjisinin payına düşür”.
Qeyd edək ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR ilə “Masdar” şirkəti arasında Azərbaycan 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.
Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması hədəflənir. Sözügədən Sazişlər Azərbaycanla BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək. (Report)