İyunun 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “TOTAL” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
“AXDG” QSC-nin sədri Rauf Vəliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tərkibində həm nəqliyyat, həm də neft donanması olan Gəmiçiliyin 300-ə yaxın gəmisi var. Rauf Vəliyev bir çox yerli və xarici şirkətlərə dənizdə neft və qaz hasilatında ofşor xidmətlər göstərən Gəmiçiliyin “TOTAL”la əməkdaşlığının da uğurlu olcağına əminliyini ifadə edib.
“TOTAL”ın nümayəndəsi xanım Karine Lafontaıne təqdimatla çıxış edib. Təmsil etdiyi şirkətin yaxın vaxtlarda “Abşeron” yatağında qaz hasilatına başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırdıqlarını vurğulayıb. Xanım Karine Lafontaıne bildirib ki, “TOTAL” “Abşeron yatağına sualtı boru və kabellərin çəkilməsi üçün tender elan edib və qalib şirkət gələn ay məlum olacaq. Bundan sonra “TOTAL” və tenderin qalibi olan şirkətin nümayəndələri 2017-ci ilin iyul-avqust aylarında Gəmiçiliyin neft donanmasının layihəyə uyğun olacaq gəmilərinə baxış keçirəcəklər.
Qeyd edək ki, görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin alyans partnyoru olan “Caspian Marine Services” şirkətinin də nümayəndələri iştirak ediblər.
Danışıqlarda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb