Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu “SOCAR Turkey Energy” şirkətinə və İzmirdə inşası həyata keçirilən “STAR” neft emalı zavoduna yeni təyinatlar olub.
Türkiyə KİV-nin verdiyi xəbərə görə, “STAR Rafineri A.Ş”nin baş direktoru İbrahim Palaz “SOCAR Turkey” şirkətinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
“Star Rafineri A.Ş”nin baş direktoru vəzifəsinə isə Mesut İlter təyin olunub.
Qeyd edək ki, bir çox şirkətdə müxtəlif vəzifələrdə çalışan Mesut İlter son təyinata qədər “Tüpraş”da texniki işlərdən məsul baş direktor müavini vəzifəsini icra edib.
İbrahim Palaz isə akademik fəaliyyətlə yanaşı Türkiyə və dünyanın müxtəlif yerlərində “Amoco”, “Halliburton”, “Universal Pegasus”, BOTAŞ kimi şirkətlərdə çalışıb. Enerji sektorunda 30 ildən çox təcrübəsi olan İ. Palaz 2010-2012-ci illərdə enerji və təbii ehtiyatlar nazirinin neft və təbii qaz üzrə baş müşaviri vəzifəsini icra edib.