Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirinə başlanılıb. Gəminin baş və köməkçi mühərrikləri, nasosları, elektrik mühərrikləri və digər mexanizmləri əsaslı təmir olunur.
Gəmidə ümumi təmizləmə, gövdə hissəsində isə defektasiya işləri aparılır. Eyni zamanda yük anbarlarında və ballast çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülür.
Xatırldadaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir.
Məlumat üçün bildirək ki, Gəmiçiliyin Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.
Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.