“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankerinin kollektivi «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qalibləri sırasında yer alıb.
elə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə keçirdiyi müsabiqədə yüksək göstəricilərə nail olan tankerin heyəti Fəxri Diploma layiq görülüb. Mükafatı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev təqdim edib. O, “Dədə Qorqud”un dənizçilərini qazandıqları yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Dəniz Nəqliyyat Donanması rəisinin müşaviri Hikmət Hüseynov çıxışında bildirib ki, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması donanma üçün vacib prinsiplərdəndir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.
Xatırladaq ki, ümumilikdə AXDG əməyin mühafizəsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə əməkdaşlar arasında mütəmadi maarifləndirmə işləri aparır, beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə seminarlar, təlimlər və s təşkil edir.