SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bu günlərdə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 500 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. Özülün 1619 kvadratmetrlik hissəsi əsaslı təmir edilmiş, 2350 kvadrat metr sahədə isə korroziyaya qarşı mühafizə tədbirləri aparılmış, elektrik quraşdırma işləri yerinə yetirilib. 40 ədəd möhkəmləndirici svay vurulmuş, 9 ədəd müxtəlif ölçülü metal lövhə, 46 ədəd suüstü əlaqə xətti, 1 ədəd piyada körpüsü, 2 yanalma və 2 minik meydançası, eləcə də dalma nasosları üçün 3 ədəd şaxta, 1 ədəd xidmət meydançası, lafet lüləsi üçün 2 ədəd dor quraşdırılıb. Özülün perimetri boyu 201 metr uzunluğunda məhəccər çəpərləri təmir olunmuşdur. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.
Qeyd edək ki, özüldə aparılmış təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilib.
“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib
15:57
20 İyun 2017