“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Bulla-dəniz” yatağı üçün yeni 12 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb.“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, 5 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində yerləşdiriləcək və 5 dayaq blokunun üzərində yığılacaqdır. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, 1 helikopter meydançası, 2 minik meydançası, 2 yanalma meydançası, 1 ədəd məişət bloku, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcəkdir. Ümumi sahəsi 4890 kvadrat metr olacaq özüldə 1 ədəd qülləaltı postament, 2 piyada körpüsü də inşa olunacaqdır. Hazırda özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. 3 dayaq blokunda və 21 metal lövhədən 11-ndə işlər davam etdirilir. Tikinti işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun həyata keçirilir.
Qeyd edək ki, 12 saylı stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 2,5 milyon kubmetr qaz və 500 ton kondensat hasil olunacağı gözlənilir.
“Bulla-dəniz” yatağı üçün yeni platformanın tikintisinə başlanılıb
16:56
12 Aprel 2017