“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) iki illik fəaliyyəti dövründə gördüyü işlərlə bağlı hesabat açıqlayıb.
Qurumdan verilən məlumata görə, 2015-ci il fevralın 10-dan Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan ərazisində qurum istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün iri miqyaslı layihələr həyata keçirlb. “Azərişıq” ASC fəaliyyətə başladığı gündən 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və əsaslı şəkildə yenidən qurularaq, müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq, 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb.
Bundan başqa, 2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. 2015-2016- cı il ərzində paytaxtda, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatan avadanlıqlar müasir tipli avadanlıqlarla əvəz olunub. Bu məqsədlə uzun illər istismar edilən 230 minə yaxın agac dayaqlar yenilənərək dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərib.
Hesabat dövründə 7 233,8 km hava xətti, 4 079,6 km kabel və 5 018,9 km özünüdaşıyan izolyasiyalı naqilləri çəkilib. 227479 ədəd dayaq basdırılıb, ümumi uzunluğu 27 700,4 km olan müxtəlif gərginlikli hava xətlərində əsaslı təmir işləri görülüb. İki il ərzində əhali və qeyri-əhali istehlakçılara 504 217 - dən artıq sayğac quraşdırılıb və ya dəyişdirilib ki, onların da 21 958 ədədi SMS tipli müasir sayğaclardır. Həmin müddətdə şəbəkələrin qoyuluş gücü 2 000 MVA–dan çox artırılıb. Bu da qoyuluş gücünün təlabat gücünü üstələməsidir. Yəni, təmir və qəza açılmaları zamanı ehtiyat güc mənbəyi vasitəsilə abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar. Artıq abunəçilər enerji pulunu çox asanlıqla internet resurslarından, bank və, poçtlardan, həmçinin “APUS”, “Paypoint” və digər köçürmə növlərindən istifadə etməklə ödəyə bilirlər. Bununla yanaşı, elektrik enerji borcları haqqında abunəcilərə məlumatların çatdırılması üçün telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün “SMS” xəbər sistemləri tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi 2015- 2016-cı ildə xeyli artıb və itkilər azalıb. Ümumilikdə ölkə üzrə 500 000 –dən çox abonentin, yəni 2,5 milyona yaxın əhalinin enerji təminatı yaxşılaşdırılıb.
Hesabatda qeyd edilib ki, “Azərişıq” ASC-nin Mərkəzi Dispetçer xidmətində elektrik şəbəkəsinin məsafədən idarə olunmasını təmin edən “SCADA” sisteminin əhatə dairəsi hər ötən il artırılmaqdadır. Həmin sistem vasitəsi ilə yüksək gərginlikli yarımstansiyaların və xətlərin məsafədən idarə olunması təmin edilir.
Qeyd olunan müddət ərzində regionlarda 30-a qədər ofis binası tikilib, 2 rayonda isə köhnə binalar təmir edilib. İşçilərin səmərəli və çevik fəaliyyəti üçün bütün texniki şərait təmin edilib. Bütün bunlarla yanaşı, “Azərişıq” ASC-də yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik gənc kadrların hazırlanması işi daim davam etdirilir. Bunun üçün “Azərişıq” ASC-nin yüksək səviyyədə təmin edilmiş Tədris Mərkəzləri fəaliyyət göstərir. Burada treninqlər il boyu müxtəlif istiqamətlərdə aparılır. Tədris Mərkəzlərində yerli mütəxəssislərlə yanaşı xarici ölkələrdən də peşəkarlar dəvət olunur. Respublikamızda elektroenergetika üzrə kadr hazırlayan ali və orta texniki peşə və kollec təhsili verən müəsisələr də Tədris Mərkəzinin imkanlarından istifadə edirlər.
İki ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” və yeni yaradılan “ASAN Kommunal” mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda Bakı, Sumqayıt, Bərdə, Masallı, Qəbələ, Sabirabad və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC öz fəaliyyətini davam etdirir. “ASAN xidmət” mərkəzlərində abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borclara yenidən baxılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının adının dəyişdirilməsi kimi xidmətlər də daxil olmaqla 11 növ xidmət göstərilir.
“Azərişıq” iki illik hesabatını açıqladı
10:23
10 Fev 2017