“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasil etdiyi qızıl-gümüş tərkibli xəlitələri İsveçrə şirkəti saflaşdıracaq.
“AzerGold” QSC-dən verilən məlumata görə, Daşkəsən rayonunda yerləşən Çovdar qızıl emalı kompleksində hasil olunan qızıl–gümüş xəlitələri saflaşdırılması və xalis qızıl və gümüşün alınması üçün İsveçrəyə göndərəcək. Cəmiyyət bu ölkənin nüfuzlu affinaj şirkətlərinin biri ilə müqavilə bağlayıb.
“AzerGold” QSC əməkdaşlıq üçün beynəlxalq standartlara cavab verən, keyfiyyət, qiymət, imic, prestij və s. meyarları nəzərə alaraq, ən nüfuzlu affinaj şirkətlərini araşdırıb. Uyğun şirkətlərə əməkdaşlıq imkanları üçün müraciət olunub.
Eyni zamanda, müxtəlif ölkələri təmsil edən affinaj şirkətləri “AzerGold” QSC-nin beynəlxalq tələblərə cavab verməsini, şəffaflığını bir neçə meyar əsasında araşdırıb. Qızıl hasil edən şirkətlər beynəlxalq səviyyədə tətbiq olunan əsas tələblər – KYC (Know Your Customer – Müştərini Tanı) və “Due Diligence” (hüquqi ekspertiza) prosedurları üzrə araşdırılır. Yalnız bütün standartlara cavab verdiyi müəyyən edildikdən sonra affinaj şirkətləri hasil edəcəyi xəlitələri saflaşdıra biləcəkləri barədə “AzerGold”a rəy veriblər. Cəmiyyət bu şirkətlər arasında təkliflər sorğusu əsasında, İsveçrənin “Argor-Heraeus” şirkətini qalib kimi müəyyən edib və tərəflər arasında müqavilə bağlanıb. Hazırda “AzerGold” QSC ixraca hazırlıq işləri görür.
Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.