Elektrik enerjisinə artan tələbat, infrastruktur layihələrinin canlanması və qaz qiymətlərindəki bahalaşma digər bir enerji mənbəyinin - termal kömürün dəyərini də sürətlə artırıb.
Eləcə də bax: Avropada kömür qiymətləri - 9 İlin Ən Yüksək Səviyyəsinə Çatdı!
FED.az xəbər verir ki, Asiya və Afrika bazarları üçün əsas standart göstərici olan Nyukasl həftəlik indeksində qiymətlər ilin əvvəlindən 106%, Riçards Bay indeksində isə 55%-dən çox bahalaşıb.
Hazırda Avstraliya kömürünün bir tonu 166 dollardan, Cənubi Afrika kömürü isə 137 dollardan satılır. Halbuki, ötən ilin sentyabrında bir tonun qiyməti cəmi 46 dollar idi. Qiymət artımı bu templə davam etsə, 2008-ci ildə qeydə alınmış tarixi rekordu - 1 tona görə 195 dolları yeniləyəcək.
Fitch Ratings-in hesablamalarına görə, hazırda qlobalelektrik enerjisi istehsalının 35%-dən çoxu kömür hesabına təmin edilir. Kömürə tələbatın cəmi 10%-i ABŞ və Avropa İttifaqının payına düşür. Ən çox kömür istehlak edən ölkələr Hindistan, Pakistan və Vyetnamdir.
İqlim dəyişikliyinə qarşı mübarizə, zərərli yanacaq növlərindən istifadənin azaldılması, alternativ enerji mənbələrinə keçid kimi qlobal tələblər hələ ki, istənilən effekti vermir və kömürün növbəti onillikdə də enerji istehsalında müəyyən payı saxlanılacaqdır... (Marja)