Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyində (FHN) keçirilən müşavirədə aprelin 3-də Bakı şəhərində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış barədə danışıb.
FED.az FHN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, nazir, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu vurğulayıb: “FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır”. (Apa)